Güney Azərbaycan Demokrat Partiyasının Nizamnaməsi
I. Umumi maddələr:
I. 1. Partiyanın rəsmi adı:
Azərbaycan Türkcəsində: Güney Azərbaycan Demokrat Partıyası (qısaca: GADP)
Ingiliscə: Southern Azerbaijan Democrat Party, SADP.
Farsca: حزب دموکرات آزربایجان جنوبی
I. 2. GADP Güney Azərbaycanda insan haqlarının təmini və Güney Azərbaycan Türklərinin öz milli müqəddəratını özünün bəlirləməsi uğrunda mübarizə aparan milli-siyasi bir təşkilatdır. GADP-nin amacı Güney Azərbaycan Türklərinin milli birliyi, milli özgürlüyü, tərəqqisi, inkişafi, yaxşı yaşaması və Güney Azərbaycanda demokratiyanın bərqərar olmasıdır.
I. 3. GADP öz fəaliyyətini bu Nizamnaməyə, həmçinin uluslararası hüququn norma və prinsiplərinə uyğun qurur və apardığı mübarizədə Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları bəyannaməsinin özül müddəalarını, eləcə də, insan haqları və millətlərin öz müqəddəratlarını özlərinin bəlirləməsi ilə bağlı bütün uluslararası anlaşmaları əldə əsas tutur.
I. 4. GADP-nin təşkilat quruluşu iki bölümdən ibarətdir: Güney Azərbaycanda fəaliyyət göstərən GADP İç Qolu (qısaca: GADP İQ) və Güney Azərbaycan sınırlarından qıraqda çalışan GADP Dış Qolu (qısaca: GADP DQ).
I. 5. GADP İQ Güney Azərbaycanın kənd, şəhər, vilayət və əyalətləri üzrə yaradılır, GADP DQ isə ayrı-ayrı ölkələr üzrə təmsilçiliklər biçimində fəaliyyət göstərir.
I. 6. GADP-nin hər iki qolu GADP Mərkəzi Şurasının nəzarəti altında çalışır, onların bütün cari və illik fəaliyyətləri GADP Mərkəzi Şurasının siyasi xətti çərçivəsində həyata keçirilir. Eyni zamanda, duruma uyğun olaraq, GADP qollarından hər biri siyası xəttə zidd olmayan müstəqil addımlar da ata bilər.
I. 7. Güney Azərbaycan sınırları içərisində fəaliyyət göstərən GADP İQ öz fəaliyyətini gizli iş şəraitinə uyğun qurur və üzvlərin təhlükəsizliyinin təmininə özəl diqqət yetirir.
I. 8. GADP İQ üzvləri və İQ-dan GADP Mərkəzi Şurasına üzv olanların kimliyi açıqlanmır və gizli saxlanılır.
I. 9. Güney Azərbaycan sınırlarından qıraqda çalışan GADP DQ təmsilçilikləri açıq fəaliyyət göstərir və öz fəaliyyətlərini uluslararası normalara, yerləşdikləri dövlətlərin qanunlarına uyğun qururlar.
II. GADP-də üzvlük
II. 1. GADP-də üzvlük həm fərdi, həm də kollektiv qaydadadır.
II.1.1. Dilindən, dinindən, cinsindən, harada doğulmasından, vətəndaşlığından, mülki durumundan vb. asılı olmayaraq GADP Nizamnaməsini və GADP-nin yürütdüyü başlıca milli-siyasi xətti qəbul edib onu həyata keçirməyə çalışan, on altı yaşını doldurmuş hər bir şəxs fərdi qaydada GADP üzvü ola bilər.
II. 1. 2. Fərdi üzvlüyə qəbul GADP Mərkəzi Şurası adına yazılmış şəxsi
diləkcə və GADP üzvlərindən birinin verdiyi təqdimat əsasında GADP ilk və
yerli partiya orqanlarında gerçəkləşdirilir.
II. 1. 3. GADP Nizamnaməsini və GADP-nin yürütdüyü başlıca milli-siyasi
xətti qəbul edib onu həyata keçirməyə çalışan hər bir qurum GADP-nin kollektiv
üzvü ola bilər.
II. 1. 4. Kollektiv üzvlüyə qəbul uyğun qurumun sorumlu ali orqanının
qərarı və GADP Mərkəzi Şurasına müraciəti əsasında həyata keçirilir.
II. 1. 5. GADP kollektiv üzvlərinin partiyada fəaliyyət mexanizmi “GADP-yə
kollektiv üzvlük haqqında Əsasnamə” ilə tənzim olunur.
II. 2. GADP üzvləri GADP Qurultayının bəlirlədiyi məbləğdə üzvlük haqqı ödəyir.
II. 3. Üzvlüyə qəbul sadə səs çoxluğu və açıq səsvermə yolu ilə olur.
III. GADP üzvlərinin vəzifələri:
III. 1. Yerli kütləvi informasiya vasitələrində GADP-nin amac və hədəflərini təbliğ edib tanıtmaq.
III. 2. Milli-siyasi maarifçilik işi aparmaq və toplumun bütün təbəqələri, zümrələri içərisində Güney Azərbaycan mərkəzli düşüncə sisteminin yayılıb qəbul edilməsinə, milli düşüncə və millətçilik, demokratiya və təməl insan haqları, çağdaşlıq vb. bu kimi önəmli dəyərlərlə bağlı nəzəri bilgilərin, GADP-nin bu dəyərlərə yönəlik yanaşımlarının tanıdılmasına çalışmaq.
III. 3. Şovinizmin, onun öncəki və indiki diktatura rejimlərinin Güney Azərbaycan Türkləri başda olmaqla qeyri-fars xalqlara qarşı uyquladığı çirkin siyasətləri, ictimai, iqtisadi, mədəni, milli…ədalətsizlikləri dünyada tanıdıb məhkum etmək, habelə çağdaş İran İslam hökumətinin insan haqlarını addımbaşı pozmasını, terrorizmə yardım etməsini, uluslararası düzeydə yasaqlanan kütləvi qırğın silahlarına yiyələnmə cəhdlərini ifşa edib dünya ictimai rəyinə duyurmaq.
III. 4. GADP sıralarını genişləndirmək, aydın kəsim başda olmaqla yerli bölgələrdəki aktiv Azərbaycan insanlarını GADP sıralarında birləşdirməyə çalışmaqla yeni üzvlər və tərəfdarlar qazanmaq, öz sıralarına qatılmış milli fəalları təşkilatlandırma yönündə ardıcıl çalışmaq.
III. 5. Yerli bölgələrdəki başqa demokratik siyasi partiyalarla, təşkilatlarla, ictimai örgüt və insan haqlarını müdafiə orqanları ilə əməkdaşlıq etmək, millətimizin öz milli müqəddəratını özünün bəlirləməsi uğrundakı mübarizədə onlarla işbirliyi yapmaq.
III. 6. Milli və insani haqlarımız uğrundakı mübarizədə tutuqlanan, işgəncə verilən, çeşidli basqılara məruz qalan bütün azadlıqsevər yurddaşlarımızı müdafiə üçün aktiv biçimdə kompaniyalar oluşdurmaq, göstərilər yapmaq, kütləvi informasiya vasitələrinə, BMT nümayəndəlikləri də daxil bütün uluslararası və yerli insan haqları qurumlarına müraciət etmək, yaxud başqalarının hazırladığı bu cür tədbirlərə yaxından dəstək vermək.
III. 7. Güney Azərbaycanın çıxarlarını əldə rəhbər tutaraq İran adlanan ölkədə fars şovinizminin zülmü altında olan millətlərin bölgələrdəki siyasi partiya orqanları və insan haqlarını müdafiə örgütləri ilə əməkdaşlıq etmək.
III. 8. GADP-nin məramına, amac və hədəflərinə uyğun çeşidli tədbirlər keçirmək və bu haqda kütləvi informasiya vasitələri araçılığı ilə məlumatlar yaymaq.
III. 9. İnsan haqlarına və toplum haqlarına yönəlik önəmli uluslararası sənədlərlə Güney Azərbaycan əhalisini yaxından tanış etmək, bu yöndə geniş çaplı siyasi maarifçilik işi aparmaq və milli şüurun biçimləndirilməsi yolunda zəruri addımlardan biri olan bu işdə ardıcıl fəaliyyət göstərmək.
III. 10. Azərbaycanın haqq səsini dünyada duyurmaq, özəlliklə Güney Azərbaycanda insan haqlarının durumunu, Azərbaycanın milli haqlarına qarşı yürüdülən anti-insani basqı və təhqirləri dünya çapında açıqlayıb tanıtmaq və bu yöndə istər fars şovinizminin, istərsə də onun İran İslam Cümhuriyyəti Dövlətinin əməllərinin ifşa etmək.
III. 11. İstər içəridə, istərsə də dışarıda fəaliyyət göstərən milli qurumlarla qarşılıqlı əməkdaşlığa, işbirliyinə önəm vermək və bu yoldakı hər türlü ixtilafların dərinləşmədən çözülməsi uğrunda çalışmaq.
IV. GADP üzvlərinin huquqları:
IV. 1. GADP-nin seçkili orqanlarına seçmək və seçilmək.
IV. 2. GADP-nin siyasi xətti, görüşləri və ayrı-ayrı konkret məsələlərə münasibəti ilə bağlı bütün müzakirələrə qatılmaq, çıxış etmək, öz tənqidi fikirlərini bildirmək, sorularını və önərilərini vermək.
IV. 3. GADP-nin bütün sorumlu orqanlarının və ya ayrı-ayrı sorumlu şəxslərin fəaliyyəti ilə bağlı məlumat almaq.
IV. 4. GADP içərisində, yaxud partiyadan qıraqda öz düşüncələrini sərbəst yaymaq.
V. İnzibatı qaydalar
V. 1. GADP Nizamnaməsini pozan üzvlərə qarşı aşağıdakı cəza növlərindən biri uyqulana bilər:
V. 1. 1. Uyarı
V. 1. 2. Şifahi qınama
V. 1. 3. Yazılı töhmət
V. 1. 4. Tutduğu görəvdən uzaqlaşdirma.
V. 1. 5. GADP sıralarından qovulma.
V. 2. Partiya üzvünə cəza qərarını ilk və yerli partiya orqanları verir. Yalnız partiya sıralarından qovulma qərarını Mərkəzi Təftiş Komissiyası verə bilər.
V. 3. Cəza qərarından sonrakı üç ay sürəsində GADP-nin yuxarı qurumlarına şikayət edilə bilər. Bu yöndə son qərarverici orqan GADP Mərkəzi Şurasıdır və onun qərarı qətidir.
VI. Təşkilati prinsiplər
VI. 1. GADP-nin təşkilati prinsipləri partiyadaxili münasibətləri düzənləyən başlıca dəyərlər olub tamamilə demokratik özüllərə dayanır.
VI. 2. GADP üzvləri partiyanın yürütdüyü siyasi xəttə, partiyanin qərar və göstərişlərinə tabe olmalıdır.
VI. 3. Partiyadaxili fikir və üsul ayrılıqlarında çoxluq azlığa sayğı ilə yanaşmalı, azlıq da öz mövqeyini qorumaqla birgə çoxluğun qərarına tabe olmalıdır.
VI. 4. GADP Nizamnaməsini pozmamaq şərti ilə partiyadaxili fraksiya yaratmaq azaddır. Bu durumda çoxluq partiya adından çıxış edir, azlıq da öz düşüncəsini sərbəst yaymaq haqqından yararlanıb bir fraksiya olaraq fikrini bildirir.
VI. 5. Partiyanın aşağıdan yuxarıya bütün rəhbər orqanları seçki yolu ilə seçilir.
VI. 6. Partiyanın aşağıdan yuxarıya və yuxarıdan aşağıya bütün orqanları növbəti hesabat verməlidir.
VII. GADP-nin ilk və yerli partiya orqanları
VII. 1. GADP-nin ilk və yerli partiya orqanlarına kənd və məhəllə özəkləri, şəhər və vilayət komitələri və Güney Azərbaycandan qıraqdakı ölkə təmsilçilikləri daxildir.
VII. 2. GADP üzvlərinin istəyinə və şəraitə uyğun olaraq Mərkəzi Şuranın qərarı ilə GADP İQ-də kənd və məhəllə özəkləri, şəhər və vilayət komitələri yaradılır, habelə GADP DQ üzrə ayrı-ayrı ölkə təmsilçilikləri qurulur.
VII. 3. Ehtiyac olarsa, Mərkəzi Şuranın qərarı ilə partiyanın kənd, yaxud bölgə komitələri və ya başqa uyğun quruluşları da yaradıla bilər.
VII. 4. GADP-nin ilk və yerli partiya orqanlarının fəaliyyəti Mərkəzi Şurada hazırlanıb təsdiqlənmiş özəl təlimatla düzənlənir.
VIII. GADP-nin mərkəzi orqanları
GADP-nin mərkəzi orqanları sırasına:
GADP Qurultayı
Mərkəzi Şura
İcra Aparatı
Mərkəzi Təftiş Komissiyası
GADP başqanı və GADP sözçüsü daxildir.
VIII. 1. GADP Qurultayı:
VIII. 1. 1. GADP-nin ali rəhbər orqanı GADP Qurultayıdır.
VIII.1. 2. Növbəti GADP Qurultayı dörd ildə bir dəfə keçirilir.
VIII. 1. 3. Olağanüstü GADP Qurultayı Mərkəzi Şura üzvlərinin üçdə ikisinin və ya GADP üzvlərinin üçdə birinin tələbi üzrə Mərkəzi Şuranın qərarı ilə altı ay içərisində keçirilir.
VIII. 1. 4. GADP Qurultayında GADP İQ nümayəndələrinin iştirakı tam gizli və şəraitə uyğun dəyişik biçimlərdə olur, GADP DQ nümayəndələri isə birbaşa açıq formada qurultaya qatılırlar.
VIII. 1. 5. Qurultaya nümayəndəlik qaydaları və normaları Mərkəzi Şurada hazırlanıb təsdiqlənən özəl təlimatla bəlirlənir.
VIII. 1. 6. Nümayəndələrin yarıdan çoxu qatıldıqda Qurultay səlahiyyətli sayılır.
VIII. 1. 7. Qurultayda qərarlar sadə səs çoxluğu ilə qəbul olunur, partiyanın ləğvinə dair, yaxud Nizamnaməyə düzəliş və dəyişmələrlə bağlı qərarlar isə nümayəndələrin üçdə iki səs çoxluğu ilə verilir.
VIII. 1. 8. Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir:
– Nizamnaməni qəbul etmək, onda düzəliş və dəyişmələr aparmaq;
– Partiya platformunu və illik fəaliyyətlərin başlıca yönlərini bəlirləmək;
– Mərkəzi Şura üzvlərini seçmək;
– GADP başqanını və GADP sözçüsünü seçmək;
– Mərkəzi Təftiş Komissiyası üzvlərini seçmək;
– Mərkəzi Şuranın, GADP başqanının, GADP sözçüsünün və Mərkəzi Təftiş Komissiyasının hesabatlarını dinləyib dəyərləndirmək;
– Partiyanı ləğv etmək və ya onu yenidən qurmaq.
VIII. 1. 9. Qurultayın yeri və vaxtı ilə bağlı məlumatlar nümayəndələrə ən azı iki ay öncədən bildirilir.
VIII. 2. GADP Mərkəzi Şurası
VIII. 2. 1. Qurultaylararası dönəmdə GADP-nin qərarverici və icraedici rəhbər orqanı Mərkəzi Şuradır və Mərkəzi Şura GADP Qurultayının müstəsna səlahiyyətlərinə aid məsələlərdən başqa partiya həyatının bütün sorunları ilə bağlı qərar qəbul edə bilər.
VIII. 2. 2. Qurultay qərarlarının yerinə yetirilməsinə Mərkəzi Şura sorumluluq daşıyır.
VIII. 2. 3. Mərkəzi Şura üzvləri Qurultayda seçilir və Qurultaydan sonrakı ilk toplantıda Mərkəzi Şura öz başqanını seçir.
VIII. 2. 4. Mərkəzi Şuranın toplantıları ən azı üç ayda bir dəfə keçirilir. Gərək olarsa, Mərkəzi Şura üzvlərinin üçdə birinin istəyi ilə əlavə toplantı keçirilə bilər.
VIII. 2. 5. Üzvlərinin yarıdan çoxu qatıldıqda Mərkəzi Şura toplantısı səlahiyyətlidir.
VIII. 2. 6. Mərkəzi Şurada qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
VIII. 2. 7. Güney Azərbaycanın çağdaş durumunu gözə alaraq Mərkəzi Şura İç Qol və Dış Qol olmaqla iki bölümə ayrılır və hər bölüm öz şəraitinə uyğun fəaliyyət göstərir.
VIII. 2. 8. Mərkəzi Şura öz içərisindən gizli səsvermə yolu ilə GADP İcra Aparatını seçir.
VIII. 3. GADP İcra Aparatı
VIII. 3. 1. Mərkəzi Şura toplantıları arasındakı dönəmdə səlahiyyətli qərarverici və icraedici orqan GADP İcra Aparatıdır.
VIII. 3. 2. GADP İcra Aparatı Mərkəzi Şura qərarlarının həyata keçirilməsində sorumluluq daşıyan və əlaqələndiricilik görəvi üstlənən rəhbər orqandır.
VIII. 3. 3. İcra Aparatı GADP Mərkəzi Şurasına ardıcıl məlumat və illik hesabat verir.
VIII. 4. GADP başqanı və GADP sözçüsü
VIII. 4. 1. GADP başqanı partiyanın səlahiyyətli təmsilçisi olub təşkilatın fəaliyyətinə rəhbərlik edir.
VIII.4.2. başqan GADP-İQ undan olduğu üçün kimliyi açıqlanmır və gizli saxlanılır.
VIII. 4. 2. GADP sözçüsü partiya adından danışıqlar aparır, bəyanatlar verir və partiya ilə bağlı bütün sənədlərə qol çəkir.
VIII. 4. 3. GADP başqanı və GADP sözçüsünün fəaliyyətləri “GADP başqanı və GADP sözçüsü haqqında ıç nizamnamə” ilə düzənlənir.
VIII. 5. Mərkəzi Təftiş Komissiyası
VIII. 5. 1. Mərkəzi Təftiş Komissiyası partiya üzvləri və partiya orqanlarının fəaliyyətinin Nizamnaməyə uyğunluğuna nəzarət edir və maliyyə işləri ilə bağlı yoxlamalar aparır.
VIII. 5. 2. Mərkəzi Təftiş Komissiyası üzvləri GADP Qurultayında seçilir.
VIII. 5. 3. Komissiya üzvləri öz içlərindən başqan seçir. Başqan Komissiyanın toplantılarını aparır və Mərkəzi Təftiş Komissiyasının fəaliyyəti ilə bağlı GADP İcra Aparatına, Mərkəzi Şuraya ardıcıl məlumat, GADP Qurultayına hesabat verir.
VIII. 5. 4. Mərkəzi Təftiş Komissiyası partiyanın ilk və yerli orqanlarında özünün uyğun strukturlarını yaradır və onların fəaliyyətlərini əlaqələndirir.
IX. GADP-nin hüquqi statusu, mülkiyyəti və maliyyə vəsaiti
IX. 1. GADP möhürü, blankı, emblemi və əmlakı olan ayrıca bir hüquqi şəxsdir.
IX. 2. Partiya mülkiyyətində qanuni və məşru yollarla əldə edilmiş vəsait və
əmlak ola bilər.
IX. 3. Partiyanın maliyyə vəsaitinin qaynaqları aşağadakılardır:
IX. 3. 1. Üzvluk haqqı.
IX. 3. 2. Könüllü verilən hədiyyələr
IX. 3. 3. Partiyanın qanunvericiliyə uyğun həyata keçirdiyi çeşidli
tədbirlərdən əldə edilən gəlirlər.
IX. 3. 4. Qanunla yasaqlanmamış başqa qaynaqlardan əldə edilən gəlirlər.
X. GADP-nin ləğv edilməsi
X. 1. GADP-nin ləğv edilməsi GADP Qurultayında və qurultaya qatılanların üçdə iki səs çoxluğunun qərarı ilə gerçəkləşir.
X. 2. GADP ləğv edilərkən partiya əmlakının və qalan maliyyə vəsaitinin taleyi Qurultayda bəlirlənən qayda üzrə həll olunur.