“Azərbaycan biz güneylilərin ilham qaynağıdır”
İranda azadlıq, ədalət tələbi ilə etirazlar davam edir. Rejim etirazçılara, xüsusilə illərdir bütün hüquqlarından məhrum edilmiş milli hökumətinin qurulmasını istəyən cənublu soydaşlarımıza qarşı daha sərt, amansız davranır. Onlara qarşı edam hökmləri verilir, ağır işgəncələrə məruz qalırlar. İran təkcə orda yaşayan soydaşlarımıza qarşı deyil, elə Azərbaycan dövlətinin əleyhinə də bacardığını etməkdədir. Ölkəmizə dil uzadır, müxtəlif təxribatlara əl atır.
Mövzu ilə bağlı “525”ə müsahibəsində güneyli siyasi şərhçi Babək Azad ətraflı danışıb.
– Babək bəy, İrandakı etirazları bəzi ekspertlər artıq inqilab adlandırır və ciddi dəyişikliklər olacağını deyirlər. Siz necə düşünürsünüz?
– İranda etiraz aksiyaları və tətillər dördüncü aya keçir ki, davam edir. Bu etiraz aksiyalarında və tətillərdə bütün təbəqələrdən olan insanlar iştirak edirlər. Yəni həm tələbələr, həm müəllimlər, sadə insanlar, siyasətçilər, idmançılar və s. fəal şəkildə proseslərə qatılıblar. Elə bu səbəbdən də ekspertlər etirazları inqilabın başlanğıcı adlandırırlar. Bundan əvvəl, Pəhləvi rejiminə qarşı inqilabın baş verməsi bir ilə qədər çəkdi. Davamlı etiraz aksiyaları, tətillər olurdu. Nəhayət, rejim devrildi, indiki İslam Respublikası quruldu. Hazırkı vəziyyətdə, bəli, ciddi dəyişikliklər olacaq. Amma sual budur ki, bu dəyişikliklər hansı formada baş verəcək. Ən yaxşı hal budur ki, İran rejimi gerçəkləri qəbul edib, azad seçkilərin olacağına, siyasi məhbusların azad ediləcəyinə, Konstitusiyada dəyişikliklərin aparılacağına dair təminat versin. Rejimin əleyhinə olan qüvvələrə ümumi əfv elan edərək, intiqamdan, qan tökülməsindən əl çəksin. Təəssüflə deməliyəm ki, indi çıxılmaz vəziyyət yaranıb. Yəni bir tərəfdə xalqdır və bu hökuməti istəmir, “Diktatora ölüm”, “Xameneiyə ölüm” deyir. Digər tərəfdən molla rejimi iddia edir ki, bu etirazlar daxili və xarici düşmənlərin birgə fitnəsidir. Ona görə də rejimin təhlükəsizlik gücləri insanlara qarşı çox qəddarcasına davranır, yüzlərlə insanı öldürüb, bəlkə də on minlərlə insana xəsarət yetiriblər. Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) etirazlar başlayandan bəri 44 uşağın öldürülməsi barədə faktlara əsaslanan məlumatlar yayıb. Amma təbii ki, öldürülən uşaqların sayı bundan daha çoxdur. İranda ciddi dəyişikliklər gözlənir. Lakin ürək ağrısıyla deməliyəm ki, bu, çox qanlı olacaq.
– Sizcə, rejimin müqavimət göstərmək üçün kifayət qədər gücü var?
– Molla rejimi nə qədər ki, repressiya maşınını maliyyələşdirir, müqavimət göstərəcək. Etiraz aksiyaları ilə paralel İranda ölkə miqyaslı tətillər başlayıb. Əgər neft sektorunda tətil başlasa, onda iqtisadi baxımdan indiki hökumət iflic vəziyyətdə olacaq. Repressiya məmurlarının hansı ki, Bəsic (Müqavimət Qüvvəsi) adlanırlar, onların fəaliyyətini maliyyələşdirə bilməyəcək və bu səbəbdən təslim olmağa məcbur qalacaq. Bu hadisə keçmiş rejimdə də baş verib. Etiraz aksiyaları, tətillər, ardınca Neft Şirkəti işçilərinin tətilə qoşulması ilə hökumət maliyyə baxımından iflic duruma düşərək təslim oldu. Ümid edirəm ki, eyni hal bu dəfə də yaşanacaq.
– İran rejimi etirazçılara qarşı çox qəddar davranır. Son günlərin edamları da bunu göstərir. Edam olunanlar arasında güneyli soydaşlarımız da var. Niyə rejim yumşalmaya getməkdənsə, vəziyyəti daha da gərginləşdirən üsullara əl atır?
– Hazırda İranda müstəqil xəbər agentlikləri fəaliyyət göstərmir. Ona görə də dəqiq məlumatlar əldə etmək çox çətindir. Rejim aksiyaların kütləvi hal aldığı bölgələrdə interneti kəsir. Digər bölgələrdə də internet çox zəifdir. Bizim əlimizdə məlumat var ki, öldürülənlər və yaralananlar arasında çox sayda Güney azərbaycanlılar var. Molla rejimi bəzən insanları gizli şəkildə edam edir. Bəziləri haqqında aylar sonra xəbər tutmaq mümkün olur. Yaxud kimsə evinə, işə gedəndə rejim gücləri tərəfindən oğurlanır və heç kimin də xəbəri olmur. Rejim devrildikdən sonra ən böyük problemlərdən biri də bu yox olan adamlarla bağlı olacaq. Onların sayı az deyil. Başlarına nə gətirildiyini bilmirik. İranda ekstremist ideoloji hökumət var, ona görə də hər hansı yumşalmalara getməyəcək. Ekstremist ideologiyaya inananlar məntiq üsuluna dayanıb fikir söyləyə bilməz. Özümüzü onların yerinə qoysaq belə, onları başa düşə bilmərik. Çünki ekstremist ideologiyada rasional düşüncəyə yer yoxdur.
– İranda illərdir bütün hüquqları əlindən alınan cənublu soydaşlarımız öz milli kimliklərini qorumaq, hüquqlarını müdafiə etmək üçün mübarizəyə qalxıblar. Güney Azərbaycan üçün bu mübarizə nə ilə nəticələnə bilər?
– İran çoxmillətli ölkədir. Orada ərəblər, bəluclar, kürdlər, farslar, azərbaycanlılar və s. yaşayır. Amma say baxımından iki böyük millət var – farslar və azərbaycanlılar. Farslarla azərbaycanlılar arasında həmrəylik, əməkdaşlıq, anlaşma olmasa, İranda daxili savaşın baş verməsi, hətta parçalanması təhlükəsi var.
Biz nə əldə edə bilərik? Cənubi Azərbaycanda, İranın hər yerində azərbaycanlıların bir strateji şüarı var – “Azadlıq. Ədalət. Milli hökumət”. Yəni bizim istəyimiz budur. Bunu necə əldə edə bilərik? Bu, iki formada mümkündür. Birincisi, Güney Azərbaycanın müstəqil olması. Müstəqilliyi sadə yolla əldə etmək təbii ki, mümkün deyil. Bu, yalnız mübarizə, savaşla əldə oluna bilər. Güney Azərbaycanın silahlı qüvvəsi yoxdur və insanlarımız deyir ki, biz dinc formada mübarizə aparıb, zorakılıqdan uzaq olmalıyıq. İkincisi, milli hökumət, lakin federal hökumət də yarana bilər. Yəni ümumi federal hökumət yaranır və biz də bunun əsasında milli hökumətimizi qururuq. Güney Azərbaycanda bunu istəyənlər də var.
– İranın Azərbaycana qarşı xüsusən son dövrlərdəki təxribatları, təhdid xarakterli addımları barədə nə deyə bilərsiniz?
– Biz güneyli azərbaycanlılar Quzey Azərbaycana ilham qaynağı kimi baxırıq. Yəni çox diqqətlə Quzeydə baş verən hadisələri izləyirik. Biz öz vəziyyətimizi siyasi, iqtisadi, mədəni baxımdan Quzey Azərbaycanla müqayisə edirik. Orda son 30 ildə vəziyyət getdikcə daha da yaxşılaşır, İranda isə bizim vəziyyətimiz daha da pisləşir. Dediyim kimi, Azərbaycan Respublikası bizə ilham qaynağıdır və bu səbəbdən də İran rejimi ilə bizim aramızda ziddiyyət, eyni zamanda, güneylilərə düşmənçilik artır. Çünki molla rejimi Quzey Azərbaycan olan münasibətimizi yaxşı bilir.
Son 30 ildə diqqət etsəniz, İran Ermənistana milyardlarla dollarlıq silah və maliyyə yardımı edib. Rejim ümid edib ki, Azərbaycan müharibədə məğlub olacaq, vəziyyət pisləşəcək. Eyni zamanda İran bəzi terrorçu qrupları yaradıb, təxribat məqsədilə onları Qarabağa keçirib, Azərbaycanı Yəmən, Suriya kimi daxildən qarışdırmağa, vətəndaş müharibəsi törətməyə cəhd göstərib. Amma heç birinə nail olmayıb. Əgər Azərbaycanda vəziyyətin pisləşməsinə müvəffəq olsaydı, bundan istifadə edən Ermənistan da hansısa hücum xarakterli təxribatlara əl ata, əlavə əraziləri işğal edə bilərdi. Biz də Azərbaycanın vəziyyətinə baxıb, deyəcəkdik ki, hər halda biz daha yaxşı durumdayıq, molla rejiminin qədrini bilək. İran hakimiyyəti ekstremist idelogiyaya əsaslanır, rejimdə realist olan tək-tük adamlar var. İranda cəmiyyətin 40 faizini güneylilər təşkil edir. Bu, İrana hədə sayılmır. Rejim bundan istifadə edib Azərbaycanla yaxın iqtisadi, siyasi, hətta hərbi əlaqələrini artıra bilərdi. Türk Dövlətləri Təşkilatında türk ölkələrindən başqa Macarıstan da müşahidəçi dövlətdir. Ukrayna və digər ölkələr də təşkilata maraq göstərir. İran da orda iştirak edə bilərdi, bu təkcə güneylilərin deyil, İranda yaşayan bütün millətlərin xeyrinə olardı. Azərbaycan neft ölkəsidir, zəngin sərvətləri var, niyə onunla düşmənçilik edirsən. Düşünürəm ki, rejim devrilsə və daxili savaş olmasa, federal hökumət yaranarsa, İranın ən yaxın əlaqəsi Şimali Azərbaycanla olacaq. Ancaq bu ekstremist, avtoritar rejim hakimiyyətdə olduğu müddətdə düşmənçilik davam edəcək.
– Azərbaycan Prezidentinin güneyli soydaşlarımızla bağlı bir sıra bəyanatları oldu. Bu barədə fikirlərinizi bilmək istəyirdim.
– Prezidentin bəyanatları həm Güney Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan güneylilər arasında çox müsbət enerji yaratdı. Dəqiq məlumatım var ki, Güney Azərbaycanda İlham Əliyevin bəyanatlarını böyük sevinclə qarşılayıblar. Hətta soydaşlarımız bayram, şənlik ediblər. İctimai yerlərə İlham Əliyevin fotolarını vurublar. Mənə inanılmaz dərəcədə pozitiv təsir etdi. Bu gün göydə Allah, yerdə bizi müdafiə edən hörmətli İlham Əliyev kimi müzəffər, zəkalı lider var. Çox sağ olsun, var olsun.
– Etirazların davam etməsi fonunda Güney Azərbaycan üçün proseslər necə inkişaf edəcək? Molla rejiminin əsarətindən qurtulmaq üçün bundan sonra nə etmək lazımdır?
– Ümid edirik ki, etirazlar Güney Azərbaycanda milli qiyamla nəticələnəcək. Hər millətin özünə aid mübarizə yolu və metodları var. Tariximizə baxsaq, Güneydə keçmişdə milli qiyamlar baş verib. Məsələn, Məşrutə inqilabında Səttərxan, daha sonra Pişəvərinin liderliyi ilə xalq silahlanıb, Güney Azərbaycanda şəhərlərə nəzarəti ələ alıb. Mən İslam inqilabından 3-4 ay sonra bu rejimə qarşı Xalq Müsəlman Partiyası öndə olmaqla milli qiyamın baş verməsinə şahidəm. Xalq şəhərlərə, o cümlədən, Təbrizə nəzarəti ələ aldı. İndi də ümid edirik ki, “Azadlıq. Ədalət. Milli hökumət” strateji şüarını həyata keçirmək üçün Güney Azərbaycanda milli qiyam baş verəcək, şəhərlərə nəzarət xalqın əlinə keçəcək.