Eyni qətiyyət və uzaqgörənliklə Güney Azərbaycan problemi də həll ediləcək
Mahmud Bilgin: Cənab İlham Əliyev bu gün tək Quzey Azərbaycanın deyil, eyni zamanda Güney Azərbaycanın, bütövlükdə dünya azərbaycanlılarının lideri kimi inamlı addımlar atmaqdadır
BAYRAQDAR MEDİA – “Bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür. Mən həm bir Güney Azərbaycanlı, həm də Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü olaraq cənab Prezidentimizi təbrik edir, ona can sağlığı və bundan sonra da yeni-yeni uğurlar arzu edirəm. Cənab İlham Əliyev bu gün tək Quzey Azərbaycanın deyil, eyni zamanda Güney Azərbaycanın, bütövlükdə dünya azərbaycanlılarının lideri kimi inamlı addımlar atmaqda, beynəlxalq aləmdə qətiyyətlə xalqımızın mövqeyini müdafiə etməkdədir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
Onun sözlərinə görə, iki il öncə 44 günlük Vətən müharibəsində həm müzəffər Ali Baş Komandan, həm də müdrik dövlət başçısı kimi tarixə adını yazan İlham Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir: “Cənab İlham Əliyev bu gün biz Güney Azərbaycan türklərinin də bir nömrəli müdafiəçisi kimi daxildə və xaricdə öz sözünü deyir, mövqeyini ortaya qoyur. Azərbaycan Prezidentinin Güney Azərbaycan türklərinin haqlarının müdafiəsini beynəlxalq tədbirlərdə gündəmə gətirməsi bizlərə əlavə güc və inam verir. Bu qətiyyətli mövqeyinə görə mən cənab Prezidentə öz minnətdarlığımı bildirirəm. Əminəm ki, cənab Prezidentin bu qətiyyətli möqeyi öz bəhrəsini verəcək. Azərbaycan Respublikası Güney Azərbaycan türklərinin haqlarının müdafiəsi istiqamətində davamlı addımlar atacaq”.
Mahmud Bilgin qeyd edib ki, cənab İlham Əliyev öz uzaqgörən və praqmatik siyasəti ilə dünya liderləri arasında fərqlənir: “Biz bu uzaqgörənliyi və praqmatikliyi 44 günlük Vətən müharibəsi dövründə gördük. Məhz cənab İlham Əliyevin müdrikliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan həm hərbi, həm də diplomatik cəbhədə qalib gəldi. Biz inanırıq ki, eyni qətiyyət və uzaqgörənliklə Güney Azərbaycan problemi də həll ediləcək. Güney Azərbaycanlılar əmindirlər ki, cənab İlham Əliyevin qətiyyəti bizim haqlarımızın əldə edilməsində də öz sözünü deyəcək. Bu gün cənab İlham Əliyevin qətiyyəti sayəsində Güneyli-Quzeyli Azərbaycanın ürəyi bir döyünür. Mən bir daha cənab İlham Əliyevi doğum günü münasubətilə təbrik edirəm”.