SEPAH-ın terror təşkilatı kimi tanınması Güney Azərbaycanın önünü açır
Mahmud Bilgin: SEPAH-ın terror təşkilatı kimi tanınması elə İranın terror dövləti kimi tanınması demək olacaq
BAYRAQDAR MEDİA – “Bildiyiniz kimi, İran İslam Cümhuriyyəti yaranandan sonra islam inqilabını digər müsəlman ölkələrinə yaymaq üçün addımlar atıldı. Həmin vaxt Xomeyninin şiəliyə əsaslanan fəqih sisteminin zor gücü ilə digər müsəlman ölkələrinə yayılması üçün İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadını yaratdılar”.
Bunu SEPAH-ın terror təşkilatı elan edilməsinə dair çağırışları BAYRAQDAR MEDİA üçün dəyərləndirən Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
Məlumat üçün qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula von der Layen İranda insan haqlarının pozulmasına görə İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsinin tərəfdar olduğunu bildirib. O, Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı, “biz həqiqətən yeni sanksiyalar paketini nəzərdən keçiririk və mən də İnqilab Keşikçiləri Korpusunun bu siyahıya daxil edilməsini dəstəkləyirəm” deyib.
SEPAH 40 ildən çoxdur ki, dünyada terrorla və qanlı aksiyalara imza atmaqla məşğuldur
M.Bilginin sözlərinə görə, hər zaman zorakılığa üstünlük verən SEPAH-ın xarici qanadlarından Qüds qanadı əsasən İsraili hədəfə aldığını bəyan edib: “Ancaq Qüds SEPAH-ı digər müsəlman ölkələrində də qanlı aksiyalara imza atıb. Bu təşkilat müsəlman ölkələrində terror, qanlı aksiyalar, xaos və qarşıdurmalar yaratmaqda ad çıxarıb. Ümumilikdə SEPAH 40 ildən çoxdur ki, dünyada terror və qanlı aksiyalara imza atmaqla məşğuldur. Yəni bu gün Avropada SEPAH-ın terror təşkilatı kimi tanınmasına dair çağırışlar kifayət qədər əsaslıdır”.
Həmsöhbətimizin sözlərinə görə, Avropada səslənən bu təklif İranın mövcud rejiminə qarşı güclü bir zərbə sayıla bilər: “Avropanın SEPAH-ı terror təşkilatı kimi tanıması üçün iki əsas səbəb var. Bunun bir səbəbi daxillə bağlıdır. SEPAH-ın daxildəki cəza dəstəsi kimi tanınan BƏSİC qüvvələri İranda öz haqlarını tələb edən hər kəsə qarşı zorakılıq tətbiq edir, qanlı aksiyalar həyata keçirir. Son hadisələr zamanı mövcud rejimə qarşı qiyam edənlər də məhz BƏSİC qüvvələrinin hücumuna məruz qalıb. Onların bəlli bir hissəsi BƏSİC cəza dəstələri tərəfindən öldürülüb. Qərb isə artıq bu cinayətlərə göz yummadı. Nəticədə bundan öncə ABŞ-ın atdığı addımın bənzərini bu dəfə də Avropa Birliyi atmağa hazırlaşır. Xatırladım ki, bundan öncə ABŞ SEPAH-ı terror təşkilatı kimi tanıyıb”.
İranın mövcud rejimi artıq çürüyüb
Avropanın bu məsələdə ABŞ-dan sonra addım atmaq istəməsinin səbəbinə gəlincə, M.Bilgin bunun İranla AB arasında olan iqtisadi əlaqələrlə bağlı olduğunu bildirib: “İranın mövcud rejimi bu günə kimi AB ilə iqtisadi əməkdaşlığından istifadə edərək özünü qoruya bilirdi. Ancaq son aksiyalar bir gerçəkliyi ortaya çıxardı. Bəlli oldu ki, İranın mövcud rejimi artıq çürüyüb. Bunu görən Avropa da artıq SEPAH-la bağlı qərar qəbul etməyin vaxtının çatdığını düşünür. Bir vaxtlar İranda müdafiə sahəsində çalışan, 1980-ci illərdə İran-İraq müharibəsi zamanı SEPAH-ın tərkibində döyüşən Əlirza Əkbərinin edamı isə Avropanın bu məsələdə daha konkret addım atması üçün bir təkan oldu. Çünki o, həm də Böyük Britaniya vətəndaşı idi. Lakin bütün çağırışlara baxmayaraq İran rejimi onu edam etdi. Ə.Əkbərinin edam edilməsi Avropada qəzəblə qarşılandı. Xatırladım ki, Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Jozef Borrel İranda Britaniya xüsusi xidmət orqanlarına casusluqda ittiham olunaraq edam cəzasına məhkum edilmiş İran və Britaniya vətəndaşı olan Əlirza Əkbəri barədəki qərarı pislədi. Bunun ardınca isə Avropa Komissiyasının prezidenti Ursula fon der Layen SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsinin tərəfdarı olduğunu bildirdi”.
Vurğulanıb ki, SEPAH-ın terror təşkilatı sayılması İran siyasi sisteminin çöküşünü daha da tezləşdirəcək: “Çünki SEPAH mövcud siyasi sistemin dayağı, qoruyucusu sayılırdı. Eyni zamanda, SEPAH-ın terror təşkilatı kimi tanınması, əslində, mövcud fars-molla rejiminin də terrorçu kimi tanınmasına bərabər olacaq. Yəni İran sonda bir terror dövləti kimi tanınacaq. Ümumilkdə SEPAH-ın terror təşkilatı kimi tanıınması İrandakı digər xalqların mübarizəsində bir dəstək kimi dəyərləndirilə bilər. Xüsusilə də Güney Azərbaycanın müstəqilliyinə və Bütöv Azərbaycana gedən yolda bu, çox böyük önəm daşıyır”.