Güney Azərbaycan siyasi təşkilatlarının Tehrandakı Azərbaycan Respublikasının səfirliyinə terror aktını pisləyən bəyanatı
🔷Güney Azərbaycan siyasi təşkilatlarının Tehrandakı Azərbaycan Respublikasının səfirliyinə terror aktını pisləyən bəyanatı
🔹Yanvar ayının 7-si cümə günü səhər sübh saatlarında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə terror aktı törədilməsi və “Orxan Əsgərov”un şəhadəti ilə bağlı şok xəbər Azərbaycan türk millətini dərindən sarsıtdı.
🔹Xarici ölkələrin Tehrandakı səfirliklərinə qarşı terror aktları misilsiz deyil və biz dəfələrlə şahidi olmuşuq ki, müxtəlif ölkələrin səfirlikləri Tehranda terror aktlarının hədəfi olub.
İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən İranda “Hüseyniyyun”, “Asala” kimi terror qruplaşmaları dəfələrlə Azərbaycan Respublikasının səfirliyini və konsulluğunu açıq şəkildə hədələyiblər.
🔹İran İslam Respublikasının hakimiyyət orqanları və terrorçu İnqilab Keşikçiləri “Qüdsün yolu Bakıdan keçir” şüarı ilə Azərbaycan Respublikasını açıq şəkildə raket və quru hücumları ilə hədələyib və görünən odur ki, bu gün Azərbaycan Respublikası səfirliyinə qarşı törədilmiş terror aktı da eyni tipli təhdidlərdəndir.
İllərdir ki, İranda İslam Respublikasının təhlükəsizlik qurumlarının tam siyasi dəstəyi ilə terror qruplaşmaları o cümlədən “Asala”, “PKK” və “Hüseyniyyun” və onların siyasi və media qolları İranda fəaliyyət göstərir.
🔹İran İslam Respublikasının təhlükəsizlik-kəşfiyyat qurumları uzun illərdir ki, dini və etnik hisslərdən istifadə edərək, hətta insanların maddi, ailəvi və psixoloji problemlərindən istifadə edərək, daxildə və xaricdə terror əməliyyatları üçün zəmin yaradır.
Göründüyü kimi, Azərbaycan Respublikası səfirliyinin terror cinayətində hadisəni planlaşdıranlar hadisəni törədən şəxsin psixi problemlərindən istifadə edərək, bu cinayəti həyata keçirmək üçün xüsusi silah və vasitələrlə təmin ediblər.
Hal-hazırda terrorçu İslam İnqilabı Keşikçiləri korpusunun mediaları Azərbaycan hökumətinə və xalqına qarşı uzun illərdən bəri planlaşdırılan bu cinayəti səfirliyə hücum edən şəxsin ailə münaqişəsi və psixi xəstəliyi səviyyəsinə endirməyə və bu bəhanələrlə terror əməllərini ört-basdır etməyə çalışır.
🔹Güney Azərbaycanın siyasi təşkilatları olaraq Orxan Əsqrovun şəhadəti ilə bağlı başsağlığı verməklə yanaşı, Azərbaycan ərazisinin qanuni hissəsi sayılan Azərbaycan Respublikasının səfirliyinə qarşı vəhşicəsinə hücumu pisləyir və elan edirik ki, Şübhəsiz, bu terror cinayətinin tərtibçiləri, komandirləri və icraçıları hansı vəzifədə və siyasi mənsubiyyətdən asılı olmayaraq, cavab verəcək və cəzalarını alacaqlar.
🔷Güney Azərbaycanın siyasi təşkilatları
🔹Azərbaycan Mərkəz Partiyası
🔹Azərbaycan Milli Dirəniş Təşkilatı
🔹Azərbaycan Öyrənci Hərəkəti
🔹Güney Azərbaycan Demokrat Partiyası
27/01/2023