Güney Azərbaycan siyasi təşkilatlarının kütləvi etirazlarla bağlı 2 saylı bəyanatı
Şahid olduğumuz kimi, azərbaycanlı qadınların öncüllüyündə Urmiyə gölünün qəsdən qurudulmasına qarşı xalq etirazları hər keçən gün daha geniş vüsət alır.
Təbriz də daxil olmaqla Azərbaycan şəhərlərində işsizlik, yüksək inflyasiya, su böhranı və Güney Azərbaycanın milli varlığına böyük təhdid olan Urmiyə gölünün qəsdən qurudulması Azərbaycan türk millətinin bütün sosial təbəqələrinə təsir edir.
Qadınlar, sənətçilər, gənclər və hətta millətin dindar cəmiyyəti də yaxşı başa düşürlər ki, İranda ötən əsrdə həyata keçirilən daxili müstəmləkəçilik siyasəti bir millətin təməlini və varlığını hədəfə alıb.
Urmiyə gölünün nəhəng ekoloji böhranı, qızıl, mis, uran kimi yeraltı mədənlərin talan edilməsi və Azərbaycan meşələrinin məhv edilməsi, Güney Azərbaycan xalqına qarşı müstəmləkəçi və diktatura sisteminin siyasətlərinin tərkib hissəsidir.
Acınacaqlı vəziyyət o həddə çatıb ki, tarix boyu azadlığın və müasirliyin bayraqdarı olan qədim Təbrizdə insanlar tankerlərdən su içmək məcburiyyətində qalıb.
Biz Azərbaycanın siyasi təşkilatları Güney Azərbaycanın həyatının və milli varlığının hədəfə alındığı bu həssas və mürəkkəb vəziyyətdə və 1 saylı bəyanatda da qeyd etdiyimiz və vurğuladığımız kimi, bu vəziyyətə etiraz etməyi insanlıq görəvi və hər bir azərbaycanlının düşüncəsi və sinfindən asılı olmayaraq, milli borcu olduğuna inanırıq.
Güney Azərbaycan şəhərlərinin meydanlarında və küçələrində Urmiyə gölünün qəsdən qurudulmasına etiraz aksiyalarının keçirilməsinin effektivliyinə və tarixi əhəmiyyət daşıdığına inanırıq. Ona görə də, müxtəlif üsul və taktikalarla keçirilən bütün etirazlarla yanaşı, “27 avqust”da keçiriləcək etiraz aksiyalarını Azərbaycan türk xalqının danılmaz haqqı hesab edirik.
Azərbaycan noqteyi-nəzərindən İslam Respublikası təkcə mürtəce və qadına qarşı məzhəbi totalitar rejim olmaqla qalmayıb, həm də son 44 ildə İranda məzlum xalqlara qarşı müstəmləkəçilik sisteminin siyasətlərini həyata keçirən bir rejimdir. Azərbaycan türk millətinin İrandakı digər məzlum millətlərlə birlikdə müstəmləkəçilikdən qurtulmaq üçün məşhur “Azadlıq, Ədalət, Milli Hökumət” şüarında təzahür edən milli hökumət qurmaqdan başqa çarəsi yoxdur.
Güney Azərbaycan Milli Hərəkatının siyasi təşkilatları olaraq, bütün sahələrdə fəal iştirak edən bütün mübarizlərə, milli fəallara, o cümlədən Azərbaycanın öncül qadınlarına, qorxmaz gənclərə təşəkkür etməklə yanaşı, bir daha bütün Azərbaycan xalqını 27 avqust tarixində Urmiyə gölünün qəsdən qurudulmasına qarşı kütləvi etirazlara çağırırıq.
Yaşasin Azadlıq
Yaşasın Ədalət
Bərqərar olsun Demokratik Milli Hökumət