Əlirza Fərşi Tehranın “Fəşafuyə” həbsxanasına köçürülüb
Tehran şəhərinin Evin həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşi Tehranın “Fəşafuyə” həbsxanasına köçürülüb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, Fərşi sentyabrın 8-də ailəsi ilə əlaqə saxlayaraq Tehran şəhərinin Fəşafuyə həbsxanasına köçürüldüyü ilə əlaqədar məlumat verib.
İyulun 21-dən Tehranın Evin həbsxanasında saxlanılan Əlirza Fərşi sentyabrın 8-də həmin şəhərin Fəşafuyə həbsxanasının 1-ci korpusunun karantin bölümünə köçürülüb. Keçən avqust ayında Evin həbsxanasının siyasi məhbusları həmin həbsxanada məhbuslar arasında koronavirusa yoluxma halları müşahidə ediləndən sonra aksiya keçirmişdilər. Həmin aksiyanın ardından Azərbaycanlı siyasi məhbuslar, o cümlədən Əlirza Fərşi Benham şeyxi və Həmin Mənafi Nadarlı ayrı-ayrı korpuslara köçürüldülər.
Fərşi bir halda Fəşafuyə həbsxanasına köçürülüb ki, bu həbsxanada məhbusların cinayət növünə görə ayırma prinsipinə əməl edilmir və həbsxanada yaşayış üçün lazımi standartlar yoxdur.
Fərşi Fəşafuyə həbsxanasına köçürüldüyünü telefon ilə ailəsinə bildirərkən, 10 məhbus ilə birlikdə karantin bölməsində saxlanıldığını və həmin bölmədə sağlamlıq qaydalarına riayət etmənin mümkün olmadığını bildirib. O, məhbusların müxtəlif xəstəliklərə, o cümlədən koronavirus infeksiyasına yoluxma riskinin yüksək olduğunu bildirib.
Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.
Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi. Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirildi.
Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürüldü.
Əlirza Fərşinin Fəşafuyə həbsxanasına köçürülməsinin daha əvvəl məhkəmə rəsmilərinə yazdığı etiraz məktublar və Evin həbsxanasında məhbuslar tərəfindən baş tutan etirazı aksiyalarda iştirak etməsi ilə əlaqədar olduğu təxmin edilir.