Güney Azərbaycanlıların fars-molla rejiminə nifrəti daha da artır
Mahmud Bilgin: İran Xoyda soydaşlarımıza yardım etmir, yardım etmək istəyənlərə də problem yaradır
BAYRAQDAR MEDİA – “Fevralın 6-da qardaş Türkiyədə baş verən təbii fəlakət bizləri çox sarsıtdı. Mən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralananların isə tezliklə sağalmasını arzulayıram”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən dağıdıcı zəlzələ bir reallığı da növbəti dəfə ortaya qoydu: “Əgər millətə dövlət sahib çıxarsa, o millət bütün problemlərin öhdəsindən gələr. Türkiyə dövləti də hadisənin ilk saatlarından etibarən zəlzələ bölgəsində yaşayanların yardımına çatdı. Bu gün isə Türkiyə ilə yanaşı dünyanın müxtəlif yerlərindən gələn xilasetmə qrupları ərazidə fəaliyyət göstərirlər. Lakin təəssüflər olsun ki, İran haqqında bunu demək olmaz. Çünki Türkiyə zəlzələdən zərər çəkən bütün vətəndaşlarına qucaq açdığı halda, İranın fars-molla rejimi Xoyda baş verən zəlzələdən zərər çəkənləri sanki görməzdən gəlir. Səbəb isə Xoyda zərər çəkənlərin Güney Azərbaycan türkləri olmasıdır. Yəni Xoy zəlzələsi bir həqiqəti növbəti dəfə ortaya qoydu. Öz dövləti, öz müstəqilliyi olmayan millət təbii fəlakət qarşısında aciz, yiyəsiz, dəstəksiz qalır. Bu gün Güney Azərbaycanlılar məhz belə bir durumdadır. Çünki Güney Azərbaycan və soydaşlarımız sadəcə olaraq İran adlı ölkənin, bu ölkəni idarə edən fars-molla rejiminin əsarəti altındadırlar”.
M.Bilgin vurğulayıb ki, bu gün nə qədər acınacaqlı olsa da biz bir gerçəkliyi görürük: “Rejim Xoyda xalqımızı fəlakətlə baş-başa, çarəsiz buraxıb. Ancaq Güney Azərbaycanın digər şəhərlərində yaşayan soydaşlarımız səfərbər olunub. Təbriz, Xalxal, Urmu, bir sözlə bütün Güney Azərbaycan şəhərlərində Xoy üçün yardım kampaniyası başlayıb. İranda yaşayan bütün türklər əllərindən gələni əsirgəmirlər. Bu durum millətimiz daxilində birlik ovqatı yaradıb”.
O da qeyd edilib ki, Xoyda zəlzələdən zərər çəkənlərə yardımla bağlı eyni həmrəylik xaricdəki azərbaycanlılar arasında da müşahidə edilib: “Zəlzələdən bir-iki gün keçməmiş xarici ölkələrdə, o cümlədən mənim yaşadığım İsveçdə azərbaycanlılar Xoya dəstək üçün səfərbər olundular. Sevindirici və qürurverici məqam ondan ibarətdir ki, bu prosesdə Azərbaycanın həm Güneyindən, həm də Quzeyindən olan azərbaycanlılar eyni fəallığı nümayiş etdirirlər. Məhz bu fəallıq fonunda biz dostlarla əl-ələ verdik, digər ölkələrdəki dostlarla da təmasa keçdik. Nəticədə iki dəfə Xoya dəstək göndərdik. Təbii ki, bu, son deyil və yardım aksiyamız davam edəcək”.
Müsahibimiz onu da xüsusi olaraq vurğulayıb ki, İran rejimi Xoydakı soydaşlarımıza yardım etmədiyi kimi, xaricdən gələn yardımları da müxtəlif bəhanələrlə əngəlləməyə çalışır: “Təəssüflər olsun ki, əksər hallarda da buna nail olur. Ancaq bu çirkin hərəkətləri gördükcə xalqımızın fars-molla rejiminə olan nifrəti daha da artır. Eyni zamanda bu, Güney Azərbaycanın daxilində birliyi daha da gücləndirir. Bir sözlə, bütün bunlar Güney Azərbaycanın azadlığını, Güney Azərbaycan Cümhuriyyətinin qurulmasını, nəhayətdə xalqımızın bütövləşməsini daha da yaxınlaşdırır”.