“İran Qarabağdan narkotik keçirə bilmədiyindən, Azərbaycanla düşmənçilik siyasəti yürüdür”
Tehrandakı səfirliyimizə xain terror hücumundan artıq bir aya qədər müddət keçir. Təəssüf ki, hadisəni detallı araşdıracağını vəd edən İran indiyədək bu yöndə heç bir məntiqli, iki ölkə arasında münasibətlərin bərpasına xidmət edəcək iş ortaya qoymayıb. Hətta İran qatil-terrorçu Yasin Hüseynzadəni dəlixanaya salıb, onun haqda anlaqsız rəy yaradaraq, məsələni birdəfəlik qapatmaq niyyətindədir.
Məsələ ilə bağlı Güney Azərbaycan Demokrat Partiyasının üzvü, güneyli fəal Səfərəli Qulizadə Demokrat.az-a açıqlamasında bildirib ki, İran qanununa görə həmin şəxs mütləq edam edilməli idi. Onun sözlərinə görə, İran dövlətinin bu addımı atmasının bir çox səbəbləri var:
“Təbii ki, bir neçə aydan sonra həmin terrorçu dəlixanadan çıxarılacaq. Çünki həmin şəxs bunlara işləyir və bu, Azərbaycana qarşı düşünülmüş bir oyun idi. Ümumiyyətlə, İran dövləti öz işini terrorçuluqla aparır. Bir neçə il öncə ABŞ-da, Səudiyyə Ərəbistanında, Nyu-Yorkda da bu cür terror aktlarına cəhd etmişdilər. Yəni, bunların siyasətləri terror iziylədir. İran, Azərbaycanın qabağında çarəsizlikdən bu işi gördü. Bunlar terrordan başqa bir işi bacarmırlar. Bu oyunu bacardıqları kimi oynadılar, indi 1-2 ildən sonra dad çıxardacaqlar. Əlbəttə ki, bunlar başqa bir şey bacarsaydılar, edərdilər, lakin bacardıqları ancaq terrordur. Ona görə də, başqa siyasət yürüdə bilmirlər”.
Müsahibimiz bildirib ki, İran hər zaman terrorçu qrupları dəstəkləyib və bu sahədə də özünün xüsusi qruplaşmaları mövcuddur:
“Mən 20 ildən çox İran ordusunda işləmişəm. Orada ordu iki hissəyə bölünür. Biri klassik ordudur, biri də SEPAH-dır. Mən klassik orduda olmuşam. Ancaq onu deyə bilərəm ki, SEPAH-ın tərkibində çoxlu sayda terrorçular var.
Deyim ki, onlar PKK ilə əlbirdilər və terrorçulara yardım edirlər. Həmçinin, narkotik, silah satışında yaxından iştirak edirlər. Onlar Avropa gənclərinin narkotiklə zəhərləyirlər. İran əvvəllər narkotiki Qarabağ ərazisindən keçirirdi, lakin Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bu yol bağlandı. İndi İran Qarabağdan narkotik keçirə bilmir, bu səbəbdən də, Azərbaycanla düşmənçilik siyasəti yürüdür”.
Güneyli soydaşımız qeyd edib ki, bunlar özlərini islam adlandırsalar da, əslində əsas ideologiyaları farsizmdir:
“Bunlar da islam etiqadı yoxdur və islamı bir oyuncağa çeviriblər. Yəni, dinə fars sistemi qatıblar və öz mənfəətlərinə uyğun idarə edirlər. Ümumiyyətlə, İranda kiməsə hüquq verilmir və hər sahədə insanların hüquqları pozulur. İslam dini adıyla özlərindən qanun qoyurlar və öz mənfəətlərinə uyğun idarə edirlər. İran adlanan dövlətinin əhalisinin çoxu azərbaycanlılardır. Bu isə onları qorxudan bir məsələdir. Ümumiyyətlə, onlar Azərbaycan kəlməsini belə eşitmək istəmirlər. Hər zaman əsas məqsədləri orada yaşayan soydaşlarımızı assimilyasiya etmək olub. Buna görə də, Güney Azərbaycanda olan sərvətlər talanır və fars şəhərlərinə aparılır. Həmçinin, azərbaycanlıların yaşadığı şəhərlərdə işin tapılması çox çətin məsələdir. Qısası, orada insanların işləməsinə şərait yaradılmır və insanlar axırda fars şəhərlərinə köçməyə məcbur olur. Yəni, bu cür yollarla insanlara əsas kimliklərini itirilməsinə çalışırlar”.