Güney Azərbaycan Təşkilatlarından Avropa Parlamenti Üzvlərinə Təşəkkür məktubu
Güney Azərbaycan Təşkilatlarından Avropa Parlamenti Üzvlərinə Təşəkkür məktubu
Hörmətli Avropa Parlamentinin üzvləri
Esther de LANGE
Isabella ADINOLFI
Gianna GANCIA
Gabriel MATO
Alessandra MUSSOLINI
Francesca PEPPUCCI
Lucia VUOLO
Stefania ZAMBELLI
Javier ZARZALEJOS
İran rejiminin Güney Azərbaycan cəmiyyətinə qarşı həyata keçirdiyi çoxşaxəli ayrı-seçkilik və basqı siyasətləri, xalqımızın ağrı və problemlərinin azad dünyaya çatdırılmasında köməyiniz barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsinə yazdığınız məktub xalqımız tərəfindən böyük sevinc və təqdirlə qarşılanın.
Vurğuladığınız kimi, İranda ölkə əhalisinin əksəriyyətini təşkil edən və “qeyri-fars milliyyətlər” adlandırılan etnik qruplar Ayətullahlar rejiminin sistemli siyasi, iqtisadi, mədəni və sosial ayrı-seçkiliyi və zülmü ilə üzləşirlər. Güney Azərbaycan cəmiyyəti və ümumilikdə İran əhalisinin 40%-ni təşkil edən Türk əsilli vətəndaşlar da İran rejiminin sistematik ayrı-seçkilik, basqı, dışlama və inkar siyasətinin qurbanlarıdır. Təəssüf ki, bu vəziyyət tarixi abidələrin dağıdılmasına, təbii sərvətlərin talanmasına, ətraf mühitin bilincli şəkildə məhv edilməsinə qədər gedib çıxıb. On milyonlarla insanın və digər canlıların həyatını birbaşa təhlükə altına alan Urmu Gölü ekoloji fəlakəti bunun ən bariz nümunəsidir. Bu cür insan əli ilə ortaya çıxan ekoloji fəlakətlər Bəlucistan və Əhvaz kimi digər etnik bölgələrdə də baş verir.
Təəssüf ki, bu zülmlərə və haqsızlıqlara etiraz edən vətəndaşlarımız molla rejimi tərəfindən sərt şəkildə cəzalandırılır. Ən son misalda, son üç ayda onlarla Güney Azərbaycanlı hüquq müdafiəçisi həbs edilərək işgəncələrə və sorğu-suallara məruz qalıb. Saxlanılan bu fəalların vəkil tutmadına icazə verilmir və ailələri vəziyyətləri ilə bağlı məlumat ala bilmirlər. Belə misallar çoxdur.
Hörmətli parlament üzvləri;
Biz bu məktubu imzalayan Güney Azərbaycan təşkilatları olaraq xalqımızın səsi olduğunuz üçün sizə təşəkkür edirik. Ümid edirik ki, siz bundan sonra da azad dünyada məzlum xalqımızın səsi olacaqsınız. Çünki antidemokratik totalitar rejimlər qlobal sülh və əmin-amanlığı pozmaqla bütün bəşəriyyətə zərər verir. Biz saxlanılan və işgəncələrə məruz qalan hüquq müdafiəçilərimizlə bağlı beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət etdik. Eyni müraciəti sizə də göndəririk. Ümid edirik ki, həbsdə olan və işgəncələrə məruz qalan Güney Azərbaycanlı fəalların səsinin eşidilməsinə kömək edəcəksiniz.
Son olaraq bir daha sizdən təşəkkür edirik.
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkəti – AZOH
Güney Azərbaycan Demokrat Partisi